"Kəpəz BOKT" MMC sürətlə böyüyür – MƏNFƏƏTİ İKİQAT ARTDI - HESABAT

Azərbaycanın qeyri bank sektornunun aparıcı iştirakçılarından olan "Kəpəz BOKT" MMC 2023-cü ili uğurlu nəticələrlə tamamlayıb.

 

2023-ci ildə "Kəpəz BOKT" MMC-nin faiz gəlirləri 1 milyon manat və ya 41%-dən çox artaraq 3 milyon 578 min manata yüksəlib. Bu dövrdə faiz xərcləri isə 33% artaraq 851 min manat olub.

Nəticədə şirkət 2023-cü ili 2 milyon 728 min manat xalis faiz gəliri ilə başa vurub (44% artım). Bu məbləğin 250 min manatı dəyərsizləşmə üzrə ehtiyat kimi ayrılıb. Yeri gəlmişkən, 2022-ci illə müqayisədə dəyərsizləşmə ehtiyatı kimi ayrılan məbləğ azalıb – bu göstərici BOKT-un aktivlərinin və kredit portfelinin daha sağlam olduğunu göstərir.

Bundan əlavə BOKT digər gəlirlər qismində 287 min manatlıq əlavə gəlir əldə edib (47% artım).

Nəticədə BOKT-un illik əməliyyat gəlirləri 2 milyon 761 min manat olub.

2023-cü ildə fəaliyyətini genişləndirməsi nəticəsində "Kəpəz BOKT" MMC-nin inzibati xərcləri də artıb, bu xərclər 2022-ci illə müqayisədə 20% artaraq 1 milyon 24 min manata çatıb.

Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 1 milyon 737 min manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 80% artıqdır.

347 min manat mənfəət vergisi ödənişindən sonra "Kəpəz BOKT" MMC 2023-cü ili 1 milyon 390 min manat xalis mənfəətlə tamamlayıb. Əvvəlki illə müqayisədə, xalis mənfəət təqribən 2 dəfə artıb.

"Kəpəz BOKT" MMC-nin sürətli böyüməsi 2023-cü ildə də davam edib. Ötən il BOKT-un aktivləri 1,6 milyon manat və ya 20% artaraq 8,1 milyon manatdan 9,7 milyon manata yüksəlib.

Aktivlərin belə sürətli artımı şirkətin kredit portfelinin böyüməsi ilə bağlıdır.

Belə ki, 2023-cü ildə "Kəpəz BOKT" MMC-nin kredit portfeli 2 milyon maatdan çox və ya 30% artaraq 6,9 milyon manatdan 9 milyon manata yüksəlib.

Şirkətin öhdəlikləri isə bu dövrdə cəmi 240 min manat artaraq 6 milyon 317 min manat olub. Bu dövrdə şirkət müddətli borc öhdəliklərini 200 min manatdan çox azaltmağı bacarıb.

Öhdəliklərin cüzi artımı buraxılmış istiqrazların həcmi ilə bağlıdır – 2023-ci ildə "Kəpəz BOKT" MMC-nin dövriyyədəki istiqrazlarının həcmi 4,6 milyon manata yaxın olub.

Şirkətin cəmi kapitalı da kəskin şəkildə - 63% artaraq 2 milyon manatdan 3,5 milyon manata yüksəlib. Nizamnamə kapitalı isə bu dövrdə 70%-ə yaxın artaraq 1,185 milyon manatdan 2 milyon manata qalxıb.